İtaliyada sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq və yol qəzalarını azaltmaq məqsədilə pulsuz taksi xidməti layihəsi sınaqdan keçirilir.
Hafta.az-ın yazdığına görə, İtaliyanın 6 bölgəsində başlayan və hələ sınaq mərhələsində olan layihə çərçivəsində spirtli içki aludəçilərinə sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq üçün pulsuz taksi xidməti təklif edilir. Layihədə xüsusilə gecə klublarından çıxan insanlara tətbiq edilən spirt testində istifadəçilərin spirtli içki səviyyəsinin qanuni həddi aşdığı müəyyən olunarsa, taksi çağırılaraq təhlükəsiz şəkildə evlərinə aparılır.
İtaliya baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini tərəfindən dəstəklənən layihənin sınaqları sentyabrın ortalarına qədər davam edəcək.
Digər tərəfdən, müxalifət sözügedən layihənin "gəncləri həddindən artıq spirt istehlakına sövq etdiyini" bildirərkən, bəzi vətəndaşlar isə pulsuz xidmətin vergilərlə əhatə olunacağını deyərək buna etiraz ediblər.
Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatlarına görə, 2019-cu ildə İtaliyada polisə bildirilən təxminən 59 min yol qəzasının 8,7 faizində ən azı bir sərxoş sürücü iştirak edib.